ATİAHİ Yardımlı rayon komitəsi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova, Təhsil sektorunun müdiri Kamal Təhməzov, rayon hərbi komissarlığının nümayəndəsi, şəhid ailələrinin üzvləri, qazi və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edənlər Silahlı Qüvvələrimizin yaranmasından, keçdiyi inkişaf yolundan danışıblar. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla ölkəmizdə Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qeyd olunub ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəlib. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi diqqət çəkir. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, eləcə də ötən ilin 19 sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq salnaməsidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə böyük bir missiyanı uğurla yerinə yetirərək şanlı tariximizi yazdı, dövlətimizin suverenliyi ölkəmizin hər yerində təmin edildi. Ordumuzun döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın bir sıra aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salınaraq öyrənilir.
Tədbirin sonunda şəhid ailələrinə və müharibə iştirakçılarına bayram hədiyyəsi verilib və maddi-mənəvi dəstək göstərilib.