Aprelin 28-də Yardımlı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbir Zərifə xanım Əliyeva adına şəhər uşaq bağçası-körpələr evində təşkil olunub.
Öncə binan girişində Zərifə xanımın büstü ziyarət olunub, qarşısına gül dəstələri düzülüb.
Çıxış edənlər adı oftalmologiya elminin tarixinə qızıl hərflərlə yazılan Zərifə Əliyevanın Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən geniş bəhs ediblər. Bildirilib ki, Zərifə xanım Əliyeva Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd olunub ki, o, minlərlə insanın sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışmışdır, ölkəmizdə traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Zərifə xanım Əliyevanın bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş ana nümunəsini yaratdığını vurğulayan çıxışçılar əlavə ediblər ki, onun apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bədii hissəsidə uşaqlar analara həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda rayon komitəsi tərəfindən bütün tərbiyəçi müəllimlərə - 17 nəfər hədiyyələr və uşaqlara isə (50 uşaq) oyuncaqlar təqdim olunub.