Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibəti ilə Yardımlı rayonunda onun adını daşıyan 1 №-li körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Zərifə xanımın həyat və fəaliyyətindən danışılıb. Bildirilib ki, o, öz peşəsini sevdiyi kimi, ailəsinə də son dərəcə bağlı qadın olub, ailə dəyərlərini hər zaman uca tutub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə davranışları, həyat yoldaşına olan böyük hörməti və sevgisi ilə Azərbaycan ailələrinə qiymətli nümunə olub. Vurğulanıb ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Tədbirdə bağça uşaqlarının ifasında musiqi nömrələri səslənib, analara həsr edilmiş şeirlər səslənib. Sonda rayon komitəsi və Təhsil sektorunun əməkdaşları tərəfindən körpələrə və bağçanın işçilərinə hədiyyələr təqdim edilib.