Yardımlı rayonunda xalqımızın ən qədim el bayramı olan Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən təşkil olunan bahar şənliyində şəhid ailələrinin üzvləri, məktəb müəllimləri iştirak ediblər.
Çıxış edənlər Novruzun adət-ənənələrindən, həmrəyliyi, barışığı təbliğ edən dəyərlərindən danışıb, təbriklər səsləndiriblər. Vurğulanıb ki, parlaq Qələbəmizin şən əhval-ruhiyyəsi ilə daha da təravətlənən Novruz bu il Vətənimizin hər bir guşəsində, o cümlədən Xocalıda, Xankəndidə yüksək təmtəraqla qeyd olundu. Bu tarixi bir hadisədir və buna görə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızın bütün qəhrəman oğullarına minnətdarıq.
Şənlik keçirilən məktəbin həyətində şagirdlər guşələr yaradıb, milli adət-ənənələrimizi və Novruzun atributlarını nümayiş etdiriblər.
Tədbir maraqlı konsert proqramı ilə davam edib, məktəblilərin xalq rəqsləri iştirakçıların könlünü oxşayıb.
Sonda ATİAHİ Yardımlı rayon komitəsi ümumtəhsil müəssisələrində çalışan şəhid və aztəminatlı ailələrə bayram sovqatı verib.