ATİAHİ Yardımlı rayon komitəsi tərəfindən “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin müavini Əfsanə Məmmədova, Lənkaran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Vidadi Babayev, İkinci Qarabağ müharibəsində döyüşmüş rayonun 16 təhsil işçisi iştirak edib. Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə güllər düzülərək əziz xatirəsi yad edilib.
Çıxış edənlər Vətən müharibəsindən, Azərbaycan Ordusunun rəşadətindən, düşmənin rəzil durumundan, işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağda aparılan quruculuq işlərindən danışıblar. Bildirilib ki, bütün sahələrin nümayəndələri kimi, təhsil işçiləri də Qələbəmizdə böyük pay sahibidirlər. Müharibənin ilk günlərindən onlar ön cəbhəyə yollandılar, cəsarətlə döyüşdülər, Zəfərmizin təmin olunmasında mühüm rol oynadılar. Bu yolda şəhid olan müəllimlərimiz də oldu və xalqımız heç vaxt onları unutmayacaq.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli məclisin deputatı Səttar Möhbalıyevin rəhbərliyi ilə ATİAHİ RK tərəfindən hazırlanan “Qəhrəman təhsil işçiləri” kitabı məhz Vətən müharibəsində iştirak etmiş təhsil işçilərindən bəhs edir. Kitabda şəhid, qazi və veteran təhsil işçiləri haqqında məlumat verilib, onların iştirak etdiyi döyüşlər, aldıqları orden və medallar qeyd olunub.
Müharibə iştirakçıları çıxışlarında keçdikləri döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.
Sonda onların hər birinə “Qəhrəman təhsil işçilər” kitabı verilib, maddi-mənəvi dəstək göstərilib.