Yardımlı rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun təhsil işçiləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.
Tədbirdə ATİAHİ Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov çıxış edərək bildirib ki, ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilib: “Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırkı dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir”.
Sonda şəhid ailələrinə və hər iki Qarabağ müharibələrinin iştirakçısı olmuş ittifaq üzvlərinə (cəmi 26 nəfər) qiymətli hədiyyələr verilib, maddi dəstək göstərilib.